Want create site? Find Free WordPress Themes and plugins.

Xəbər verdiyimiz kimi Masallıda iyirmi gün öncə toyu olan 16 yaşlı Fatimə Qəmbərova dünən öldürülüb. Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun birgə məlumatına görə, 2001-ci il təvəllüdlü Xoşçobanlı kənd sakini İman Məmmədov tərəfindən yaşadıqları evdə şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı sonuncunun əlləri ilə F.Qəmbərovanı boğaraq törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Məsələ ilə bağlı Sonxeber.az millət vəkillərinin fikrini öyrənib.

Deputat Aqil Abbas bildirib ki, orada birinci cinayəti valideyinlər törədib: “Daha sonra onların kəbini olubsa, o kəbini kəsən də cinayət məsuliyyəti daşıyır. Hər kim o kəbini kəsirsə bilməlidir ki, 16 yaşında kəbin kəsmək düzgün deyil, yalnız 18 yaşında kəbin kəsilə bilər. 17 yaşında adamın kəbinini isə yalnız icra hakimiyyəti icazə verərsə kəsmək mümkündür. Yəni 16 yaşında qız uşağının ərə verilməsi cinayətdir. Azərbaycanda bu məsələ birdəfəlik ciddi nəzarətə götürülməlidir ki, yaşı 18-dən az olan qızların ərə verilməsi tamamilə dayandırılsın. 16 yaşındakı uşaq nə bilir ailə nədir? O qızı alan və onu verən hər iki ailə günahkardır”.

Deputat Aydın Mirzəzadə bildirib ki, bu hadisə hamı kimi ona da çox pis təsir edib:
“Bu təkcə ailənin yox, ümumilikdə regionun faciəsidir. Mən təəssüf edirəm ki, yetkinlik yaşına çatmayan qızların evləndirilməsi bax bu cür fəsadlara gətirib çıxarır. Hesab edirəm ki, bu məsələdə cəmiyyət çox diqqətli olamalıdır. Övladlarını evləndirən ailələr gənclərin nə dərəcədə ailə həyatına hazır olduqlarını bir daha özləri üçün aydınlaşdırmalıdırlar. Yetkinlik yaşına çatmayan qızların ərə verilməsinə birmənalı şəkildə son qoyulmalıdır. Hətta belə ailələr qurulsa da, yerli hakimiyyət orqanları və aidiyyatı qurumlar tərəfindən nəzarətə götürülməlidir. Hesab edirəm ki, bu çox ciddi bir dərsdir və bundan nəticə çıxarılmalıdır. Düşünürəm ki, bu məsələlərdə ailələr məsuliyyət daşıyırlar. Bir daha belə hadisələrin baş verməməsi üçün ciddi addımlar atılmalıdır.

Deputat Elman Nəsirov bildirib ki, Masallı rayonunda baş verən hadisə təbii ki, rayonda, ölkə daxilində də çox böyük şok effekti yaradıb:
“Əvvəla çoxlu suallar ortaya çıxır. Ümumiyyətlə hesab edirəm ki, cənub bölgəsində erkən nikahlar məsələsi doğrudan da çox narahat edən hadisədir. Belə erkən nikahlara yol verilməsi, buna göz yumulması çox təəssüf doğurur. Bu məsələdə ictimai nəzarətin, ictimai qınağın çox böyük rolu var amma təəssüf ki, bir çox hallarda biz bunun şahidi olmuruq. Bəzən hüquq-mühafizə orqanlarından faktı gizlədirlər və bəzən elə hallar qeydə alınır ki, toyları olur hətta bundan müvafiq dövlət qurumlarının xəbəri olanda gizlədirlər. Guya toy olmayıb, onlar qohumdurlar və həmin qız qohumunun evinə gəlib və qayıdacaq. Yəni faktiki olaraq bədbəxt ola biləcək ailələrin sanki formalaşması üçün münbit şərait təmin edirlər. Ona görə də belə məsələlər, erkən nikahlar nəticəsində olduqca dəhşətli hhadisələrin baş verməsi onu göstərir ki, bu məsələlərdə hərtərəfli, kompleks, çoxsaylı işlər, tədbirlər görülməlidir. Burada hüquq-mühafizə orqanları ilə yanaşı, cəmiyyətin,ictimaiyyət nümayəndələrinin, kənd əhalisinin, rayon ictimaiyyətinin də bu məsələlərdə passiv siyasi mövqedə dayanması qəbuledilməzdir. Mən bu hadisəni çox pisləyirəm və hesab edirəm ki, cinayətkar öz layiqli cəzasına çatacaq. Eyni zamanda belə halların gələcəkdə təkrarlanmaması çox ciddi işlər görmək lazımdır”.

Did you find apk for android? You can find new Free Android Games and apps.

Comments are closed.